"Məhəllə" mağazalarının supermarket şəbəkələrindən 5 üstün cəhəti

20 11-07-2023, 11:30 Araşdırma

"Məhəllə" mağazalarının supermarket şəbəkələrindən 5 üstün cəhəti

Azərbaycanda supermarket şəbəkələrinin yaranması ilə istehlakçıların alış-veriş vərdişləri
əhəmiyyətli dərəcədə dəyişdi, kiçik "məhəllə" mağazalarının bazar payı isə azaldı. Bu da
təsadüfi deyil: iri supermarket şəbəkələri müştərilərə çox geniş məhsul çeşidi, daha ucuz
qiymətlər, mütəmadi endirim kampaniyaları, loyallıq proqramları təklif edir, nəticədə bu
şəbəkələrdə bazarlıq etmək daha sərfəli olur.
Lakin "məhəllə" mağazalarının da supermarket şəbəkələri ilə müqayisədə bir sıra
üstünlükləri var:
Yaxın məsafə və rahatlıq
Kiçik mağazalar adətən evlərə çox yaxın, bir neçə addımlıqda yerləşir ki, bu da təcili lazım
şeyləri əlavə vaxt sərf etmədən almaq imkanı verir. Bundan başqa onlar gec saatlara qədər,
bəziləri isə hətta 24 saat işləyir.
Fərdi yanaşma
"Məhəllə" mağazalarının azsaylı satıcıları sizi daha yaxşı tanıyır, istəklərinizi bilir, zamanla
yaranan "qonşuluq" münasibətlərindən dolayı sizə daha çox diqqət ayırır. Onlar məhsul
seçimində sizə kömək etməyə və tövsiyələr verməyə daim hazırdır. Belə özəl rəftar isə hər
zaman xoşdur.
Məhsulların keyfiyyəti
Əksər belə mağazalarda regionlardan, demək olar ki, gündəlik olaraq gətirilən orqanik
məhsulları tapmaq olar. Bunlara təzə kənd yumurtası, qatıq, süd, bal, meyvə-tərəvəz və
digər təbii və faydalı ərzaqları aid edə bilərik.
Çox kiçik növbələr
Yəqin ki, hamı işdən sonra böyük supermarketlərin ucu-bucağı görünməyən növbələrində
dayanıb. Daha az ziyarətçi cəlb edən "məhəllə" mağazalarında belə növbələr nadir haldır.
Nisyə bazarlıq imkanı
Günümüzdə "məhəllə" mağazaları nağd üsulla yanaşı, kartla, Apple Pay və Google Pay kimi
elektron pulqabılarla, bəziləri isə hətta m10 (PashaPay) tipli tətbiqlər vasitəsilə QR-kodla
ödənişləri qəbul edir. Maddi çətinliklər olduqda isə adətən belə mağazalarda nisyə, yəni,
ödənişi təxirə salmaq şərtilə bazarlıq etmək mümkündür.
Vaxtilə mütəxəssislər "məhəllə" mağazalarının nəhəng şəbəkələrə uduzaraq yox olacağını
proqnozlaşdırsa da, məhz bu üstünlükləri onları hələ də ayaqda saxlayır.

Altv1.info.az

XƏBƏR LENTİ