“Məktub yetişmədi” - Kürdəmir poçtu məzuniyyətə çıxmış işçisinin əməyini necə istismar edir

196 27-07-2023, 16:52 Cəmiyyət

“Məktub yetişmədi” - Kürdəmir poçtu məzuniyyətə çıxmış işçisinin əməyini necə istismar edir

Redaksiyamıza müraciət edən, hələlik adının açıqlanmasını istəməyən Kürdəmir rayon sakini “Azərpoçt” MMC-nin Kürdəmir rayon filialından şikayətlidir. Vətəndaş bildirir ki, çox həssas bir məsələ - qəyyumluqla bağlı Rayon İcra Hakimiyyətinə, daha dəqiq desək, RİH Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına yazılı şəkildə müraciət edib. Məktuba bir uşağın bəlkə də gələcək taleyi üçün həlledici əhəmiyyət daşıyan vacib bir sənədin – məhkəmə qərarının surəti də qoşma edilibmiş.
Lakin aylar ötəndən sonra vətəndaş (uşağın atası) üçün çox kritik bir məqamda məktubun adresata yetişmədiyi bildirilib. Vətəndaş poçt izləmə kodu ilə araşdırma apararaq müəyyən edib ki, guya Elçin adlı poçtalyon məktubu Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin məsləhətçisi Elza Dünyamalıyeva təhvil verib. Lakin sonradan bəlli olub ki, Elçin adlı poçtalyon məktubun çatdırıldığı göstərilən vaxt məzuniyyətdə olub. Beləliklə, aylarla qiymətli vaxtını itirən məktub müəllifi rayon rəhbərliyinə yenidən müraciət etmək məcburiyyətində qalıb. Hərçənd, buna qədər məktuba qoşma edilməli olan sənədi yenidən məhkəmədən almalı olub.
Xatırladaq ki, Prezident iyul ayının 12-də İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir”.
Doğrudur, belə qəbul olunub ki, qanuna edilən bütün dəyişikliklər cəmiyyətin xeyrinədir. Hərçənd, ola bilərdi ki, qanunda dəyişiklik qəyyumluğa namizədi hansısa hüquqdan, haqqdan məhrum edərdi. Belə olan təqdirdə poçtun səhlənkarlığı insan taleyində daha dərin mənfi iz salardı.
Qəribədir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda poçt rabitəsi operatorlarının məsuliyyəti sadalanarkən, onların itirdikləri, vaxtında çatdırmadıqları göndərişlərə görə mənəvi kompensasiya nəzərdə tutulmayıb. Bax, bu qanunda dəyişiklik edilməsi lazımdır! Özü də poçt xidmətlərinin istifadəçilərinin xeyrinə.

İlahə Mikayılova

XƏBƏR LENTİ