Bir əfsanə idi...

445 2-10-2023, 10:00 Mədəniyyət

Bir əfsanə idi...

Mövzu yazıçının rinqdəki rəqibidir. Ona ilk zərbəni haradan vuracağını dəqiq hesablamalısan. Çünki əksər hallarda nəticəni yaxşı hesablanmış ilk zərbə həll edir. Təvazökarlıqdan uzaq olmasaydı, yazardım ki, heç vaxt mövzudan çəkinməmişəm, hətta ölkəmin bütün qələm adamları üçün həssas hesab olunan “Şuşa mövzusu” haqqında yazanda meydana şir kimi atılmışam. Müəllif-mövzu duellərindən necə ayrıldığımı “hakim oxucu” gözəl bildiyindən keçirəm növbəti qarşılaşmaya...
Etiraf edirəm, ilk dəfədir ki, “rəqibimə” həyəcanla baxıram. Bu mövzuda yazmağa cəsarətim çatarmı?
Həm nümayişin gedişində, həm də geri dönəndə yolboyu düşünürəm. Mənim tərəfimdə olan yeganə üstünlük içimdəki heyrət hissidir və elə buna görə də tərləyən barmaqlarımın arasında sıxdığım “iPhone”un ekranının qaraldığını görürəm. Yaxşı fürsətdir, düşünmək üçün bütün dünya ilə rabitəm kəsilir…
18 sentyabr, saat 19:00. Heydər Əliyev İli, Heydər Əliyev Sarayı. Düz 60 ildən sonra, dünyanın 60 ölkəsinin böyük səhnələrini gəzərək öz vətəninə qayıdan “Məhəbbət əfsanəsi” nümayişə başlayır…
Saraydakıları bilmirəm, mən səmimiyyətimi sona kimi qorumağı bacarmasam, bəri başdan, məğlubiyyətimi etiraf etməliyəm. Ona görə də, bütün diqqətimi toplayıb nə baş verdiyini aydınlaşdırmağa çalışıram. Sözü musiqiyə çevirmək gündəlik prosesdir, sözü baletə çevirmək və bütün dünyaya mətni rəqs etməklə oxutdurmaq üçün mütləqdir ki, Arif Məlikov kimi dahi olmalısan.



Arxanda da ilk yazılı mətnləri min illər bundan əvvəl elə Qobustan qayalarına həkk olunmuş rəqs səhnələri olan nəhəng xalq dayanmalıdır… Arif Məlikov fikirləşib ki, dünya ilə dil tapmaq üçün öz tarixi kodlarına müraciət edərək “əcdadlarının dilindən” istifadə etmək lazımdır və belə də olur. Müraciət nəhəng Nazim Hikmətin “Fərhad və Şirin” liberettosunadır. Burada haşiyəyə çıxaraq pyesin mövzusu və oradakı dramatizm haqqında qısaca qeyd etsək, məsələ unikal qoyulub. Mübarizə qanunaziddin üzərində gedir. Əsərdə heyrətamizliyi yaradan da elə bu tərs mütənasiblik, məntiqsizlikdir. İki gözəl bacının Fərhad uğrunda mübarizəsi, Fərhadın onlardan birinə qovuşmaq üçün dağ çapıb xalqı su ilə təmin etmək dilemması qarşısında olması, sonunda seçimin əsl sevginin ünvanı insanlıq, ona xidmətin üzərində qalınması məsələnin mükəmməl həllidir. Və bütün bu tarixin, böyük bir mətnin məhz baletlə, deyərdim ki, sözbəsöz yerinə qoyulması, hər sözün usta bir əl hərəkəti, möhtəşəm plastika ilə tamaşaçıya çatdırılması əsərin nümayişinin birinci şəkli başa çatanda dostlara dediyim kimi, tək adamın işi deyil, burada da məsələ “üçtərəfli saziş” kimidir, ortaya birgə səy qoyulmalıdır.
Necə ki, elə qoyulub. Görkəmli türk Şairi Nazim Hikmətin mətni, Nəhəng Azəbaycan bəstəkarı Arif Məlikovun musiqisi, əfsanəvi rus rejissoru Yuri Qriqoroviçin quruluşu. Bu üçtərəfli anlaşmada söhbət mədəniyyətdən gedir deyə başqa imzaya yer yoxdur.
Bir azərbaycanlı ilə türkün yaratdığı istənilən nəsnəyə rus ədalətli yanaşsa, bu coğrafiyada mütləqdir ki, həmin ideya dünya üçün şedevr olacaq. “Məhəbbət əfsanəsi” kimi...
Rus və Azərbaycan aktyorlarının müştərək sərgilədiyi performans haqqında yazmaq üçün gərəkdir ki, bu sahədə mütəxəssis olasan. Mən isə olsa-olsa adi jurnalist qeydlərimi edə bilərəm.
Maestro Yalçın Adıgözəlovu qeyd etmədən keçə bilmərəm. Mən hələ bu adamı Şuşada görəndə bir dəqiqəlik qoluna girərək demişdim ki, indi mənim sizə dediklərim bilmirəm tərif, ya ağlına gələni danışmaq kimi çıxacaq, ancaq mən deməliyəm ki, sizin üzünüzdə o dirijor çubuğunun izlərini görürəm.



O da başını nəsə anlamağa çalışan bir adam kimi tərpədib getmişdi. O maestronun əlində tutduğu çubuğun sirri-sehri nədirsə, yellənib havada üfüqi və şaquli xətlər cızaraq böyük bir orkestrə nə etmək lazım olduğunu göstərdiyi kimi, adama elə gəlir ki, bu gün bütün dünya əlindəki çubuğu necə gəldi sağa-sola fırladan “maestro”ların ümidinə qalıb. Ümid edək, heç olmasa onlar da, “Məhəbbət əfsanəsi”nin dirijoru kimi öz işinin öhdəsindən mükəmməl gələrək prosesi sevgi ilə sonlandıracaqlar...
Dünənki gecənin bu şəkildə ecazkar alınmasının əsas səbəbkarlarından biri də, sözsüz ki, işi təşkil edənlərdir. Bu barədə hələ nümayişin əvvəlində Fərhad Bədəlbəyli bu tarixi gün haqda az qala, uşaq kimi həyəcanlanaraq danışarkən vurğulayır.
- Siz burada elə möhtəşəm tikilmiş səhnə kostyumları görəcəksiniz ki... İnanın mənə, 60 ildən sonra çox nəhəng iş qoyulub ortaya. Siz bu gün özünüz bu möhtəşəm tarixi yaşayacaqsınız... Bu tarixi bizə Heydər Əliyev Fondu yaşadır...
Fondun düz yanımda əyləşən əməkdaşı pıçıldayır ki, düz bir ildən çoxdur məşqlər gedir, insanlar gecə-gündüz çalışır, dayanmadan məşq edirlər.
Dünyada əbədiyaşarlıq qazanan istənilən yaradıcı məhsulun sirri heç şübhəsiz ki, onun bütün dövrlərdə aktuallığını qorumasıdır. Bu mənada düşünürəm ki, “Məhəbbət əfsanəsi”ndə də yaşanan kuliminasiyada bəşəriyyətə verilən çox ciddi mesajın açıq mətni yer alıb. Qloballaşan dünyanı təhdid edən “Su” mövzusu... Ən böyük sevginin sınaqdan çıxmaq üçün su gətirməyə göndərilməsi, sevginin suya çevrilməsi, insanlığın xilasının suyun tapılmasında olması...
Qlobal yanaşsaq, bu mənada bəşəriyyətin yeni Fərhada ehtiyacı var...
Səhnəni alqış sədaları bürüyüb. Hiss edirəm ki, əllərimi bir-birinə salondakılardan fərqli ahənglə, daha sürətli intervalla çırpıram. Temp özümdən asılı deyil.
Nəsə mənə elə gəlir ki, alqışımın birinci intervalı səhnədəkilər üçündürsə, ikincisi Azərbaycan üçündür...



Altv1.info.az

XƏBƏR LENTİ