Gənclərimiz niyə intihar edirlər? - SƏBƏBLƏR

596 22-12-2023, 09:30 Sosial

Gənclərimiz niyə intihar edirlər? - SƏBƏBLƏR

"Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə ölkədə intihar sayları ilbəil artır:

"Məsələnin ən təhlükəli tərəfi isə odur ki, bu artımın daha çox gənclərin payına düşməsidir. İntihara gətirib çıxaran ən aktual səbəblərdən biri həyatın mənasının itirilməsidir. Bu problem xüsusən də yeniyetmə və gənclər üçün daha qabarıqdır. Bu halların qarşısını almaq üçün ilk növbədə insanların mənəvi-psixoloji cəhətdən gücləndirilməsinə ehtiyac var. Gənclərin həyat tərzinin dinamikləşməsi, daha aktiv və maraqlı olması zəruridir".

Deputat vurğulayıb ki, həyatı rəngarəng olan insan ondan qopmağa çalışmayacaq:

"Hətta ən kritik situasiyalarda belə həyatının gözəl anlarından dəstək kimi istifadə edə biləcək. Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, hər bir intihar faktının mediada yayılması, geniş işıqlandırılması nəticəsində intihar hallarının sayının artmasına şərait yaranır. Bu səbəbdən bəzi ölkələrdə intihar hallarının KİV-də yayımlanması qadağan olunub. Fikrimcə, bizim mediada da intihar və zorakılıq hallarının işıqlandırılmasında daha ehtiyatlı davranmalı, bu məsələlərə diqqət mərkəzində saxlamalıdır. Çünki internet resursları, KİV təbliğat maşınıdır. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, təbliğat maşınının pozitivə işləməsi şərtdir".

Qeyd edək ki, deputat Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında çıxışı zamanı il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alındığını qeyd edib. Deputat həmçinin, intihar edənlərin çoxunun qadın və məktəbyaşlı uşaqlar olduğunu söyləyib.


Altv1.info.az

XƏBƏR LENTİ