Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, prezidentliyə namizəd Razi Nurullayev
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, Prezidentliyə namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
“Sosial ədalət, sosial demokratiya” şüarı ilə seçkilərə qatılan namizəd vətəndaşın, ölkənin ən önəmli problemlərinə, məsələlərinə diqqət çəkir, platformasından, ölkədəki mövcud problemlərin həll yollarından danışır, seçicilərin qayğılarını dinləyir, onların suallarını cavablandırır.
Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri,
deputat Razi Nurullayevin seçki platforması
5. Biznes sahəsində
– Əlverişli biznes mühiti üçün şəffaflıq və daha az vergi ödəmələri ilə yeni biznes mühiti formalaşdırılacaq. Bu sahədə əsas şüarımız “Vergini ödə, şəffaf ol, cinayət pullarını verilən maliyyə amnistiyası ilə leqallaşdır” olacaq. İş adamları bizim hakimiyyətimizin ən mötəbər şəxsləri olacaq və iş mühitinə əngəl törədən məmurlar haqqında ən sərt tədbirlər görüləcək. Ölkədə genişmiqyaslı maliyyə amnistiyası həyata keçiriləcək;
– Sadələşdirilmiş vergi məbləğinin hazırkı 200 mindən 350 minə qaldırılması təmin ediləcək;
– Fiziki şəxslərin müflis elan edilməsi haqqında qanun layihəsi hazırlanıb ictimaiyyətin müzakirəsinə veriləcək və qəbul olunacaq. Azərbaycanda yalnız hüquqi şəxslərin müflisliyi haqqında qanun mövcuddur;
– Bank faizlərinin aşağı salınması üçün ciddi işlər aparılacaq və dövlətin imkanları daxilində olan bütün vasitələrdən istifadə ediləcək;
– Biznes mühiti şəffalaşdırıldıqdan, vergi güzəştləri tətbiq edildikdən sonra ölkəyə investisiya qoyuluşu ilə bağlı layihələr hazırlanaraq, qəbul ediləcək. Əsas məqsədimiz xarici investorların ölkəyə sərmayə yatırmasının təminatı və etibarlılığının qorunmasıdır.
– Bununla yanaşı yerli investorlara əlavə güzəşt paketləri təqdim olunacaq;
6. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması. Məhkəmə-hüquq islahatları
– Məhkəmə sisteminin tam azad və sərbəst, düzgün qərar verməsi üçün gərgin iş aparılacaq və iki il ərzində bu, təmin ediləcək. Məhkəmə hakimlərinin, işçilərinin, prokurorluq orqanı işçilərinin, polis orqanlarının əməkhaqqları minimum iki-üç dəfə, bəzi sahələr üzrə isə dörd dəfə artırılacaq;
– Bundan sonra, sıfır səviyyə rüşvət və korrupsiya kampaniyası elan ediləcək və qanunu pozanlar ən qatı şəkildə cəzalandırılacaq, əmlakı müsadirə olunmaqla cinayət məsuliyyətinə cəlb olunacaqlar;
– Prokurorluğun paralel olaraq həm nəzarətçi və həm də dövlət ittihamçısı funksiyası bir-birinə ziddiyətli funksiyadır. Prokurorluğun nəzarətçi funksiyası ilə dövlət ittihamçısı funksiyasının ayrılması təmin ediləcək;
– Ədalət mühakiməsinin nəticəvi əhəmiyyət və effektivliyini artırmaq məqsədi ilə vəkillərin prosessual səlahiyyətlərinin genişləndirilməsi təmin ediləcək.
- Vətəndaşların dövlət qurumlarına etimadının artırılması üçün məmur-vətəndaş arasında əlaqənin üz-üzə prinsipdən “onlayn” əlaqəyə keçməsini 100 faiz təmin etmək vacibdir. Bu sistemin tətbiqi müraciətlərin izlənməsini, dövlət qurumlarının adekvatlığını üzə çıxaracaq. Bu da, öz növbəsində, vətəndaş maraqlarının təminatına səbəb olacaq.
7. Dövlət maraqlarının təminatı
– Azərbaycan dövlətinin və xalqının maraqları ən ciddi prioritetimizdir. 44 günlük Vətən müharibəsindən və Azərbaycan dövlətinin möhtəşəm Zəfərindən sonra müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı beynəlxalq miqyasda əks-təbliğat kampaniyası aparılır. Bu səbəbdən də “Facebook”, “YouTube”, “Tik-Tok” sosial platformalarının Azərbaycan nümayəndəliyinin açılması əsas hədəfimizdir. Dövlət və milli maraqlarımızın müdafiəsi üçün bu məsələdə mövqeyimiz qətidir.
8. Xarici siyasət prinsipləri
Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirəcək:
– Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimada nail olmaq;
– Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq;
– Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;
– Bölgədə sülhün, əmin-amanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;
– Azərbaycan–Türkiyə, Azərbaycan–Pakistan siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;
– Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;
– Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək;
– Azərbaycanda mənəviyyat və milli dəyərlərimizə zərər vurmayan Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, Avropaya inteqrasiyaya və parlamentarizmin inkişafına nail olmaq;
– Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin tikintisinin başa çatdırılması, multimodal nəqliyyat infrastrukturunun mövcudluğunun təminatı, Bakı–Tbilisi–Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq–Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;
9. Şəhərsalma və tikinti sahəsində
Azərbaycanın ayır-ayrı şəhər və rayonlarında, xüsusən Bakı şəhəri və Abşeron yarımadasında xaotik, qanunsuz və plansız evlər tikilib. Yüz minlərlə ev hələ də sənədsizdir və yaşamaq üçün də yararsızdır. Yol, su, qaz, işıq problemləri qalmaqdadır.
– İcazəsiz tikilən fərdi evlərin sənədləşdirilməsi ilə bağlı verilən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası üzrə məsul Komissiyanın hesabatı araşdırılacaq və sərəncama uyğun müvafiq qərar qəbul ediləcək. Baş plana uyğun tikilməyən evlərlə bağlı xüsusi komissiya yaradılaraq, həmin evlərin dəyəri tam qaydada vətəndaşları narazı salmadan dövlət tərəfindən ödəniləcək;
– Bütün Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq və buna şərait yaradan hər bir məmur və qurum ən sərt şəkildə cəzalandırılacaq. Dövlət tərəfindən infrastruktur yaradılmış, planlaşdırılmış və fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq;
– Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə istisnalarla, xüsusi hallar olarsa icazə veriləcək. Amma bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq və plansız tikililərin qarşısı alınacaq. Bu yerlərdə dövlət tərəfindən yol, su, qaz və kanalizasiya infrastrukturu yaradılacaq;
– Bakı və respublika əhəmiyyətli digər şəhərlərdə (Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Naftalan) hündürmərtəbəli binaların tikintisi ilə bağlı ciddi analizlər və qiymətlənidrmələr aparılacaq, vahid standartlar müəyyənləşdiriləcək. Şəhərin relyefi, ərazisi, sıxlıq və s. kimi amillər dəyərləndirilərək, hündürmərtəbəli binaların tikintisinə icazə veriləcək. Xaotik şəkildə bu tip tikililərin qarşısı alınacaq.
Altv1.info.az