Elm adamı, neftçi və şair Nazim Vəliyevin

9 124 3-02-2024, 13:14 Sosial


Əziz dostumuz, adı kimi nəzmli-nizamlı həyatı, təvazökarlığı, sadəliyi, yüksək mənəvi keyfiyyətləri, hörmət-ehtiramı ilə elinə-obasına, çalışdığı kollektivə daim şərəf gətirən, neft sənayesində tanınmış alim və peşəkar neftçi Nazim Aslan oğlu Vəliyev Nazim Vəliyev 22 fevral 1960-cı iIdə Tovuz rayonunun Bozalqanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğma kəndində başa vuraraq 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) neft-qaz-mədən fakültəsinə daxil olmuş və həyatını çətin, lakin şərəfli neftçi peşəsi ilə bağlamışdır. 1982-ci ildə institutu uğurla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-qaz Sənayesinin Elmi-Tədqiqat və Layihələndirilməsi İnstitutuna göndərilmişdir. O, burada neft və qaz yataqlarının işlənməsi və layihələndirilməsi laboratoriyasında mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışaraq neft sənayesinin tanınmış mütəxəssis və alimlərindən neft elminin nəzəri və tətbiqi sirlərini öyrənmiş, böyük məktəb keçmişdir. İnstitutda işləyə-işləyə aspiranturada təhsilini davam etdirmiş və 1990-cı ildə “Suvurma və mayeçıxarma templərinin tənzimlənməsi yolu ilə qeyri-bircins layların işlənmə effektliyinin artırılması” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bir qədər sonra onun savadı, yüksək peşəkarlığı və şəxsi keyfiyyətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin diqqətini cəlb edir və Baş ofisdə işləməyə dəvət alır. 1993-cü ildən burada Neft və qaz yataqlarının işlənməsi və ehtiyatların qiymətləndirilməsi şöbəsində əvvəlcə baş mütəxəssis, 1997-1999-cu illərdə isə şöbə rəisinin müavini kimi əmək fəaliyyətini davam etdirir. SOCAR-ın rəhbərliyi tərəfindən yüksək bilik və bacarığı nəzərə alınaraq Nazim müəllim 2003-cü ildə Baş ofisinin Elm və texnika şöbəsinə rəis təyin edilmiş, 17 ildən artıq vaxt ərzində elmi-texniki nailiyyətlərin və mütərəqqi texnologiyaların neft sənayesinə tətbiqi və inkişafı sahəsində böyük işlər görmüşdür. Eyni zamanda əsas işi ilə bərabər, 1993-cü ildən bu günə qədər SOCAR-ın Baş ofisində Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çox məsuliyyətli bir ictimai vəzifə də daşımaqdadır.

Nazim müəllim hər zaman gördüyü işə böyük məsuliyyət hissi ilə yanaşır. O, Azərbaycanın həm quru və həm də dəniz yataqlarının işlənməsinə, layların neftveriminin artırılması üçün tətbiq olunan laylara “ikinci” və “üçüncü” təsir üsullarının təkmilləşdirilməsi və yataqların neft və qaz hasilatları üzrə proqnoz göstəricilərinin hesablanması məsələlərinə nəzarət edir. O, SOCAR-ın “Neft və qaz yataqlarının işlənməsi” üzrə Mərkəzi Komissiyanın elmi katibi, Ehtiyatlar üzrə Mərkəzi Komissiyanın eksperti kimi bir sıra yataqların “Ehtiyatlarının hesablanması və yenidən hesablanması və işlənmə layihələrinin” ekspertizasını həyata keçirmişdir. 3 elmi kitabın həmmüəllifi,105 elmi işin, o cümlədən dərc edilmiş 70-dən çox elmi məqalə və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, diplomlara, keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin və SOCAR-ın Fəxri fərmanlarına, neft-qazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür.

Dünya Neft Şurasının, Dünya Enerji Xartiyasının Sənaye Məşvərət Şurasının, AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının, “Azərbaycan Neft Təsərrüfatı”, “Azərbaycanda Geofizika Yenilikləri” jurnallarının redaksiya heyətinin üzvü, Azərbaycan Milli Neft Komitəsinin İcraçı direktoru, SOCAR-ın Baş ofisi Həmkarlar İttifaqı Komitəsinin, SOCAR-ın “Açıq mətbuatda xidməti istifadə üçün” qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert Komissiyası”nın sədri, SOCAR-ın Elmi-texniki Şurasının koordinatoru kimi çox böyük ictimai işlər aparır. Artıq 27 ildir ki, hər il ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq neft-qaz sərgi-konfransının müvəffəqiyyətlə keçirilməsində koordinator kimi məsuliyyətli və mühüm rol oynayır, müxtəlif xarici ölkələrdə keçirilən Beynəlxalq sərgi-konfranslarda, konqres, simpozium və forumlarda SOCAR-ın nümayəndəsi kimi Azərbaycanı layiqincə təmsil edir.

Nazim müəllimin neft sənayesində səmərəli fəaliyyəti SOCAR rəhbərliyi və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı, “Fəxri neftçi” döş nişanı, 2008-ci ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adları ilə, 2017-ci ildə “3-cü dərəcəli Əmək ordeni” ilə təltif edilmişdir.

N.Vəliyev daim öz elmi-texniki bilik səviyyəsini artırmağa da xüsusi fikir verir. Belə ki, o, Amerika Birləşmiş Ştatlarının, Norveç Krallığının və Yaponiyanın tanınmış elmi mərkəzlərinin təşkil etdikləri xüsusi kurslarda təhsil alaraq müvafiq Beynəlxalq sertifikatlara layiq görülmüşdür. O SOCAR-da işlədiyi müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş və 2002-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Ümumdünya Texnologiya Universiteti və UNESKO-nun Akkreditasiyası ilə neftqazçıxarmanın idarəedilməsi üzrə professor-doktor və Beynəlxalq Ekoenergetika Akademiyasının professor-doktoru adlarını almış, “Caspian European Club”un neft elminin inkişafında xidmətlərinə görə “Caspian Energy Award - 2015” mükafatına layiq görülmüşdür. Nazim müəllim Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvüdür, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent adları almışdır.

Elm adamı, neftçi olmaqla yanaşı, Tanrı ona söz sərrafı, romantik duyğu hissi, poeziyaya, sözə-sənətə qiymət vermək kimi keyfiyyətlər də bəxş etmişdir. Görünür bu da boya-başa çatdığı, qədimdən bu yana böyük ziyalılar - nasirlər, şairlər, aşıqlar yetişdirmiş el-obasının ab-havasından, füsunkar təbiətindən və əhatə olunduğu ədəbi mühitdən əxz olunmuşdur. Onun bu həssaslığı xüsusilə poeziya sahəsindəki qabiliyyətində özünü büruzə verir. “Neftçi” ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri uzun illərdir ki, respublika qəzetlərinin səhifələrində dərc olunur, sözlərinə musiqi bəstələnir. Belə musiqilərdən biri də Nazim müəllimin uzun illər bilavasitə çiyin-çiyinə çalışdığı, Azərbaycanın neft-qaz sənayesinin rəmzi, dünya neft elminə böyük töhfələr vermiş, akademik Xoşbəxt Yusifzadəyə həsr etdiyi şeirə bəstələnmiş mahnıdır. Həmin mahnı neftçilər arasında xüsusi ilə çox sevilir.

Nazim müəllim elə bil bu günü uzaqgörənliklə hiss edərək gəncliyində yazdığı şeirdə deyirdi:


Hər ömürün “yaz, yay, payız, qışı” var,

Uşaqlıq “yaz”, gənclik “yay”la tuş olar,

“Payız” səpir narın-narın başa qar,

İnsan “qış”da müdrikləşir, ucalır,

Zaman-zaman qocalırıq, qocalır!



İllər keçdikcə müdrikləşən dostumuz daha bir şeirində:

Yaş üstünə bir yaş gəldi,

Ucaldıqmı biz, bir il də?

Yaş da başa bir əngəldi,

Qocaldıqmı, biz bir il də?...



Qocaldıqca ucalaşsaq,

Qocalmağın qorxusu yox.

Ucalmaqda “qocalaşsaq”,

“Ucalmağın” qorxusu çox!
deyir.


Onun 2000-ci ildə nəşr edilmiş “Sənsiz yaşamağa dəyməz” şeirlər kitabı “Qızıl qələm” mükafatına layiq görülmüşdür. 2009-cu ildə isə “İzin qalacaq” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür.

Nazim müəllim onun mütəxəssis-alim, layiqli insan kimi yetişməsində və formalaşmasında rolu olmuş insanları daim böyük ehtiram və hörmət hissi ilə yad edir ki, bu da onun yüksək mədəniyyətə və mənəvi dəyərə malik olmasından xəbər verir. O, yaşlandıqca ucalan, illərin üst-üstə gəlməsinə baxmayaraq daim gənclik enerjisi ilə çalışan, gənc nəslə bir nümunə, onunla dostluq edən, onunla işləyən və SOCAR-ın Baş ofisində çalışan əməkdaşların sevimlisi və fəxr etdiyi bir şəxsiyyət, əsl həmkar-məsləhətçi və ziyalı bir Vətəndaşdır.


Sizə uzun və sağlam həyat, şərəfli ömür yolu və gözəl günlər arzu edirik!


Altv1.info.az

XƏBƏR LENTİ